"Ləzzət Qida Sənaye" MMC – Yerli istehsalın inkişafı və ixrac hədəflərinə doğru
Ölkəmizdə sahibkarlığın inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ixrac potensialının gücləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar, sahibkarlara yaradılan əlverişli şərait və istehsal sahələrinə göstərilən dövlət dəstəyi yeni müəssisələrin formalaşmasına, milli məhsulların daxili və xarici bazarlarda mövqeyinin möhkəmlənməsinə geniş imkanlar yaradır.
Yaradılmış imkanları real iqtisadi nəticələrə çevirən, istehsal gücünü və məhsul çeşidlərini davamlı şəkildə artıran müəssisələr ölkəmizin iqtisadi qüdrətinin yüksəldilməsinə mühüm töhfə verirlər. “Ləzzət Qida Sənaye” MMC-nin keçdiyi inkişaf yolu, istehsal sahələrinin genişləndirilməsi və ixrac istiqamətindəki hədəfləri də yerli sahibkarlığın inkişafının və milli istehsal potensialının diqqətəlayiq nümunələrindəndir.
İstehsalın genişləndirilməsi və yeni mərhələlər
1995-ci ildən fəaliyyət göstərən şirkət ötən dövr ərzində istehsal və distribütor sahələrində əhəmiyyətli inkişaf yolu keçib. Müxtəlif istehsal istiqamətlərinin yaradılması, məhsul çeşidlərinin artırılması və yeni əmtəə nişanlarının bazara təqdim edilməsi müəssisənin inkişaf strategiyasının əsasını təşkil edib. “Ləzzət Qida Sənaye” MMC-nin istehsalat müdiri Bəndalı Məhərrəmov “Şərq qapısı”na müsahibəsində bildirib ki, şirkət fəaliyyətə başladığı ilk gündən istehsalçı tələbatını nəzərə almağı, istehsal imkanlarını mərhələli şəkildə genişləndirməyi və bazara keyfiyyətli məhsullar təqdim etməyi qarşıya məqsəd qoyub. 1998-ci ildə qənd istehsalına başlanılması müəssisənin fəaliyyətində ilk mühüm addımlardan biri olub. Hazırda tikə, kəllə və sarğılı qənd məhsulları “Ləzzət”, “Valls” və “Femilia” əmtəə nişanları ilə istehsal edilir.
Mənbə: Şərq qapısı
https://www.instagram.com/p/Df14HS-iju9/?obrf=MzJoano4Y2NnZWZo