“Ləzzət Biskvit və Şokolad Fabriki” MMC – yerli istehsaldan beynəlxalq bazarlara
2,7 milyon manatlıq ixrac, 143 iş yeri, 100-dən çox məhsul çeşidi – yerli istehsalın uğur nümunəsi
Yerli istehsalın gücləndirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi və ixrac coğrafiyasının genişləndirilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri, sahibkarlıq üçün yaradılan əlverişli şərait və istehsal sahələrinə yönəldilən investisiyalar iqtisadiyyatın real sektorunda yeni imkanlar açır. Həmin imkanlardan səmərəli yararlanaraq fəaliyyətini ildən-ilə genişləndirən müəssisələr isə həyata keçirilən iqtisadi siyasətin nəticələrini konkret göstəricilərlə nümayiş etdirirlər.
Naxçıvanda fəaliyyət göstərən “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin inkişaf yolu yerli istehsalın potensialını, dövlət-sahibkar əməkdaşlığının səmərəsini və ixrac imkanlarının genişliyini əks etdirən uğurlu nümunələrdəndir.
Kiçik istehsaldan geniş ixrac imkanlarına
2010-cu ildən fəaliyyət göstərən göstərən müəssisə ötən müddətdə istehsal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. İlk dövrlərdə bir istehsal xətti və 30 nəfərlik kollektivlə çalışan fabrik hazırda iki vafli və bir peçenye istehsal xəttinə malikdir. Müəssisədə 143 nəfər işlə təmin olunub. İstehsal prosesində Türkiyədən gətirilmiş müasir avadanlıqlardan istifadə olunur. Avtomatlaşdırılmış sistem əsasında çalışan bu avadanlıqlar məhsulların fasiləsiz və səmərəli istehsalına imkan yaradır.
Müəssisənin icraçı direktoru Emin Rzayev bildirir ki, fəaliyyətin ilk illərində burada 20-yə yaxın çeşiddə, 30 qramdan 5 kiloqramadək müxtəlif çəkilərdə məhsullar istehsal olunub. Hazırda isə məhsul çeşidlərinin sayı 100-ü ötüb. Bu çeşidlərə şokolad örtüklü vaflilər, şokoladlı peçenyelər, kakaolu, bananlı, çiyələkli və müxtəlif tərkibli digər şirniyyat məhsulları daxildir.
https://www.instagram.com/p/Dfo9fX7Dl0J/?img_index=3&obrf=NGp5eGFibnUzajUz